Hüquq müdafiəçisi Novella Cəfəroğlu 65 ömürlük məhbusun prezident İlham Əliyevə müraciət ünvanlayaraq əfv istəməsinə münasibət bildirib. “Media forum” saytına açıqlamasında hüquq müdafiəçisi deyib ki, ömürlük həbsdə olan 20-dək məhbusu əfv etmək mümkündür: “Onların arasında siyasi məhbuslar da var. Hüquq müdafiəçiləri onların məsələsini Əfv Komissiyasından tutmuş Avropa Şurasınacan hər yerdə dəfələrlə qaldırıblar, prezidentə müraciətlər olub”.
N.Cəfəroğlunun digər məhbusların işinə yenidən baxılmasını təklif edir: “Ömürlük məhbusların içərisində işlərinə düzgün baxılmayanlar var. Ancaq haqlı mühakimə olunmuş qatı cinayətkarlar da var ki, onların işinin yüngülləşdirilməsini düzgün saymıram. Hamilə qadına təcavüz edib, yandıraraq öldürəni necə əfv eləmək olar? Zərərçəkən tərəfin yaxınları onun əfvinə necə baxar?”
Vaxtilə ölüm cəzasına məhkum olunmuş 65 ömürlük məhbus prezident İlham Əliyevə bu həftə müraciət edib. Məhbuslar Avropa Şurası Parlament Assambleyasının 2007-ci il aprelin 16-da qəbul etdiyi qətnamədə Azərbaycan hökumətinə ölüm cəzasının ləğvindən sonra ömürlük məhbusa çevrilmiş şəxslərin cəzalarının yumşaldılmasını tövsiyə etdiyini xatırladıblar: “Qətnamənin 8.9-cu bəndində qeyd olunur ki, ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən baxılmalı və qanunun geriyə qüvvəsi prinsipinin ən əlverişli müddəalarına müvafiq cəza təyin edilməlidir”.
Ömürlük məhbusların müraciətində daha sonra deyilir: “Azərbaycan Respublikası Avropa Şurasına qoşularkən üzərinə bu təşkilatın sənədlərində əksini tapmış bir sıra öhdəliklər götürüb. Bu öhdəliklər sırasında məhkumların vaxtından əvvəl azad olunmaları üçün Avropa Şurası Nazirlər Komitəsinin 1976-cı ildə qəbul etdiyi qətnamə də var. Qətnamədə tövsiyə edilir ki, vaxtından əvvəl azad olunmanın tətbiq edilib-edilməməsini aydınlaşdırmaq üçün ömürlük məhbusların işlərinə yenidən baxılmasına təminat verilməli, əvvəllər buna əməl olunmayıbsa, cəzalarını 8-14 il müddətində çəkmiş məhkumların işlərinə müəyyən intervalla mütəmadi baxılması təmin edilməlidir”.
Azərbaycan qanunvericiliyinin bu baxımdan çox sərt olduğunu qeyd edən məhbuslar yazır ki, ömürlük məhkumlar vaxtından əvvəl azad olunmaq üçün yalnız 25 ildən sonra məhkəməyə müraciət edə bilərlər: “Hörmətli prezident! Sizin 2006-cı il avqustun 17-də imzaladığınız “Dövlət qeydiyyatından keçmiş hüquqi-normativ aktların və normativ xarakterli aktların Azərbaycan Respublikası qanunvericiliyinə uyğunlaşdırılması” haqqında fərman əsasında həm 15 illik cəza probleminin həllinə, həm də ömürlük məhkumların vaxtından əvvəl azad olunmaları üçün alternativ müddətin 25 ildən aşağı həddə endirilməsinə nail olmaq mümkündür. Sizdən çox xahiş edirik ki, Azərbaycan Respublikası Konstitusiyası ilə verilmiş müstəsna hüququnuzdan istifadə edərək bizi əfv edəsiniz”.