22.04.2010, 14:42
Aprelin 26-da Bakıda Humanitar Tədqiqatlar Cəmiyyəti, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və Almaniyanın Fridrix Ebert Fondunun təşkilatçılığı ilə “Avrointeqrasiya prosesinin inkişafında şərq tərəfdaşlığı proqramı vətəndaş cəmiyyəti forumunun rolu – effektiv imkanlar üçün platformalar” adlı konfrans keçiriləcək.
Bu barədə Lent.az-a AHK-nın mətbuat xidmətindən məlumat verilib.
Konfransın keçirilməsində əsas məqsəd Brüsseldə Avropa İttifaqının dəstəyi ilə keçirilən Avropa İttifaqının Vətəndaş Cəmiyyəti Forumu barədə ictimaiyyəti məlumatlandırma, Şərq Tərəfdaşlığı Proqramı (ŞTP) çərçivəsində dövlət qurumları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq imkanlarının müzakirə olunması, Avropa İttifaqı üzvü ölkələrinin təcrübəsinin öyrənilməsi və o cümlədən yaxın gələcəkdə yaradılması nəzərdə tutulan ŞTP Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının yaradılması ilə bağlı vəziyyəti müzakirə etməkdir.
Konfransda Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru, ŞTP Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov, Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobiya, Fridrix Ebert Fondunun nümayəndəsi Rəşad Hüseynli, hüquq müdafiəçisi Səidə Qocamanlı, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi, ŞTP Vətəndaş Cəmiyyəti Forumunun üzvü Nadir Adilov, Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri Ramil İsgəndərli, politoloq Rasim Musabəyovun çıxışı nəzərdə tutulub.
LENT.AZ