27.08.2010, 10:29
Avropa Birliyinin (AB) xarici siyasət rəhbəri Ketrin Eştonun bəyanat verərək Azərbaycan hökumətini həbs olunmuş gənc bloqqerlər Emin Milli və Adnan Hacızadəni azad etməyə çağırıb. Bu bəyanata münasibət bildirən Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov bildirdi ki, Avropa Birliyi son məhkəmədən humanistlik gözləyirdi. “Son məhkəmə qərarından sonra belə təssürat yarandı ki, Azərbaycan hökuməti onların həbsinin yüngləşdirilməsi istiqamətində heç nə etmək istəmir. AB sonuncu məhkəməyə ümid edirdi və fikirləşirdi ki, bu məhkəmə yumşaldıcı bir qərar qəbul edəcək. Həm də gözlənilirdi ki, Azərbaycan hökuməti bir az humanistlik göstərəcək, Avrupa Birliyinin, Avropa strukturlarının müraciətinə əsasən gənc bloqqerləri azad edəcək. Amma bloqqerlər azadlığa buraxılmadı. Ona görə də hökumət üçün AB-dən belə sərt bəyanat oldu.”
Əvəz Həsənov Azərbaycan hökumətinin bu məsələyə münasibətini məntiqsiz hesab edib. O qeyd edib ki, Azərbaycan hökuməti ölkənin Avropadakı imicini qorumaq istəyirsə gəncləri azad etməlidir. “Prezident Administrasiyasının İctimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənovun bununla bağlı şərhlərində deyir ki, Azərbaycanda bloqu olan o çox adam var. Bloqu olan hər adam jurnalist kimi qəbul edilə bilməz. Onların jurnalist siyahısına əlavə olunması və Azərbaycandan azad olunmasını tələb etmək məntiqə sığmır. Mənə elə gəlir ki, bu, Azərbaycan hökumətinin qeyri-dəqiq, qeyri-məntiqi cavabı idi. Ölkəmiz üçün AB-nin belə sərt bəyanatı başucaldıcı deyil. Mən çox təəssüf edirəm ki, Azərbaycan hökuməti belə bir məsələdə çox sərt mövqe nümayiş etdirir. Az qala hökumət ölkənin bütün imicini bir tərəfə qoyub, ölkə üçün o qədər də əhəmiyyətli olmayan bir məsələdə bu qədər dirəşkənlik göstərir. Bu arzuolunan hal deyil. Jurnalisti döyən bir nəfər 165 saat cəza çəkir. Amma xuliqanlıq maddəsi ilə iki perspektivli gənc 2-2,5 il azadlıqdan məhrum edilirsə, bu məntiqsizlikdir. Eyni zamanda Azərbaycanın düşdüyü və düşə biləcəyi problemləri görməməzlikdən gəlirlər. Mənə elə gəlir ki, artıq Azərbaycan hakimiyyəti bunu başa düşməlidir. Bilməlidir ki, bu cür saxta ittihamlara inanların sayı çox azdır, hətta yox dərəcəsindədir. O baxımdan, istər hüquq müdafiəçiləri, istər siyasi partiyalar, istərsə də jurnalist təşkilatları Emin Milli və Adnan Hacızadənin azadlığa çıxması üçün hər şey ediblər. İndi hər şey hakimiyyətin vicdanına qalıb. İstəyirlərsə ki, ölkənin Avropada olan imici çox da zərər çəkməsin, müəyyən imici saxlanılsın, o zaman bloqqerləri azad etməlidirlər.”
Axar.az